Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu28 yanvar tarixində Dövlət Məşğulluq Agentliyi ilə Ali təhsil müəssisələrinin Karyera Mərkəzlərinin rəhbərləri arasında onlayn görüş keçirilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, sədr müavini Cəmaləddin Quliyev və sədr köməkçisi Kamil Bayramlı, eyni zamanda, Agentliyin Peşə hazırlığı və peşəyönümü departamentinin müdiri Fuad Mehdizadə ilə İnsan resursları departamentinin müdiri Emil Hüseynov, Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov, eləcə də 25 Ali təhsil müəssisəsinin Karyera Mərkəzlərinin rəhbər və əməkdaşları iştirak ediblər.
Görüşdə İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentlik ilə Ali təhsil müəssisələrinin Karyera Mərkəzləri arasında qurulacaq əməkdaşlıqların önəmini vurğulayıb:
“Cari ildə Agentlik nəzdində Karyera Mərkəzi yaradılmasının nəzərdə tuturuq və bu istiqamətdə işlərə artıq başlamışıq. Gənclərə karyera planlaması ilə bağlı müasir tələb və standartlara uyğun istiqamətlərin verilməsi məqsədilə yaradılacaq Karyera Mərkəzinin tərkibində “CV Master” və “Mobil Peşə” layihələri həyata keçiriləcək, “Hazır” kursları təşkil olunacaq. Bunlardan əlavə isə Ali təhsil müəssisələrində mövcud Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılması haqqında təklif irəli sürmüşük. Karyera Mərkəzlərinin Koordinasiya Şurasının yaradılması vahid standartların müəyyən edilməsi və tətbiqi, belə mərkəzi olmayan Ali təhsil müəssisələrində Karyera Mərkəzlərinin yaradılmasına dəstək göstərilməsi, metodiki bazanın paylaşılması, yerli müsbət təcrübələrin paylaşılması, xarici təcrübənin araşdırılması və paylaşılmasına dəstək olacaq”.
İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev öz çıxışında bildirib ki, hazırda peşəyönümü məsləhət xidmətlərinin keçirilməsi üçün Ərazi Məşğulluq Mərkəzləri və Dost Mərkəzlərində peşəyönümü kabinələrinin yaradılması istiqamətində iş aparılır. Burada peşəyönümü məsləhət xidmətlərinin keçirilməsi üçün lazımi bütün alətlər yer alacaq.
Peşəyönümü şöbəsinin müdiri Toğrul Ələkbərov isə yaradılacaq Karyera Mərkəzinin tərkibində fəaliyyət göstərəcək layihələr və kurslar barədə görüş iştirakçılarını məlumatlandırıb. O bilidirib ki, burada vətəndaşlara işəqəbul prosesi zamanı yardımçı olacaq konsultasiyalar aparılacaq, CV hazırlanması ilə bağlı məsləhətlər veriləcək, eləcə də şəxsə uyğun uğurlu CV formasının hazırlanmasında dəstək göstəriləcək.
Görüşdə iştirak edən universitetlərin Karyera Mərkəzlərinin nümayəndələri də öz növbəsində təmsil etdikləri təhsil müəssislələrində Karyera Mərkəzlərinin və Karyera Şurasının faəliyyətində diqqət ayrılmasını istədikləri mövzular barədə məlumat veriblər.
Sonda gələcəkdə bu tip müzakirələrin keçirilməsinin vacibliyi vurğulanıb və növbəti görüşlərdə yaradılması planlaşdırılan Şuranın fəaliyyətinin daha detallı müzakirə edilməsi qərara alınıb.
Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi məşğulluğa kömək sahəsində dövlət siyasətini təmin edir, işaxtaran və işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədilə aktiv məşğulluq tədbirlərinin təşkilini, işsizlikdən sığorta vəsaitinin idarə edilməsini, habelə aidiyyati dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərini həyata keçirir.