“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi yekunlaşıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin növbəti mərhələsi yekunlaşıb. Layihə iştirakçıları “Təlim və Hüquq” mərhələsində peşəkar təlimçilərin iştirakı ilə interaktiv və praktik təlimləri başa vurublar.

 

Layihə iştirakçılarına “Kənd turizmi biznesi necə işləyir?”, “Qonaq evində əlavə satışlar”, “Maliyyənin idarə edilməsi”, “Kənd turizmi biznesində qazanc imkanları”, “Turist xidmətinin təşkili”, “Müştəri ilə ünsiyyət texnikaları”, “Qonaq evində standartlar və təhlükəsizlik” və s. kimi mövzular tədris edilib.

 

Qeyd edək ki, layihədə İsmayıllının Buynuz, Xanagah, Sumağanlı, Topçu və Təzəkənd kəndlərindən ümumilikdə 15 nəfər iştirak edir. Hazırda gələcəyin sahibkarlarının kənd turizmi sahəsində fəaliyyət göstərmələri üçün sahibkarlıq obyektlərinin təmir və təchizat prosesi də davam edir. 

 

“Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, işsiz şəxslərin məşğulluğunun təmin edilməsidir. Layihəyə 2020-ci ilin sentyabr ayında start verilib və ümumilikdə 300 nəfərə yaxın kənd sakini sahibkarlıq və özünüməşğulluq imkanları barədə məlumatlandırılıb. Layihənin sonunda 15 gənc ailə (təxminən 60 nəfər) özünüməşğulluq proqramına cəlb ediləcək. Dövlət Məşğulluq Agentliyi tərəfindən turizm sahəsində fəaliyyətə başlamaları üçün onlar lazımi mal və materiallarla təmin ediləcəklər.

 

alt text