İsmayıllıda 15 sahibkarlıq subyekti təsis edilib

Dövlət Məşğulluq Agentliyinin tərəfdaşlığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsinin “Təmir və Təchizat” mərhələsi uğurla yekunlaşıb.

 

Belə ki, 15 sahibkarlıq obyekti əsaslı şəkildə təmir edilərək yerli və xarici turistlərin qonaqlama xidmətini həyata keçirmək üçün sahibkarlara təhvil verilib. Eyni zamanda bu mərhələdə sahibkarlıq obyektləri Dövlət Məşğulluq Agentliyinin aqroturizm zərfi üzrə qonaq evinə lazım olan bütün avadanlıqlarla təmin edilir. Avadanlıqar siyahısına divan və kreslo dəsti, stol və stul dəsti, yataq dəsti mebeli, qarderob, soyuducu, kondisioner, televizor və televizor şkafı, ütü və ütü masası, mikrodalğalı soba, tozsoran, mətbəx ləvazimatları və s. daxildir. Avadanlıqların təhvil verilmə prosesi uğurla davam edir. Yaxın günlərdə sahibkarlıq obyektlərinin (kənd qonaq evlərinin) açılış mərasimi baş tutacaq.

 

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd sahibkarlığın inkişafı, özünüməşğulluğun təmin edilməsi və əhalinin rifah halının yaxşılaşdırılmasıdır.

 

Ümumilikdə, layihə çərçivəsində 300 nəfərə yaxın kənd sakini məlumatlandırılıb. Layihə 2020-ci ilin sentyabr ayından etibarən start götürüb və 2021-ci ilin may ayında başa çatacaq. Layihə çərçivəsində gələcək sahibkarların bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə silsilə təlimlər keçilib. Təsis olunmuş 15 sahibkarlıq subyektinə fəaliyyət göstərmələri üçün lazımi təmir və təchizat dəstəyi göstərilib.

 

alt text