Kəlbəcərdə özünüməşğulluq proqramı üzrə ilk dəfə ailə biznesləri yaradıldı 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin təqdim edilməsi prosesini davam etdirir.


 
Belə ki, Kəlbəcər rayonunda proqrama cəlb olunmuş sakinlərə ilk dəfə istehsal və xidmət istiqaməti üzrə mal və materiallar təqdim edilib. Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı və kiçik dərzi sexi üzrə öz bizneslərini yaradıblar.


 
Həmçinin Cəbayıl, Laçın, Füzuli vəXocavənd rayonlarında da daha bir qrup şəxsə proqram çərçivəsində aktivlər təqdim edilib.


 
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.



İşğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1116 şəxs özünüməşğulluq proqramı çərçivəsində öz kiçik ailə təsərrüfatlarını qurub.