Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək və karyera inkişafını dəstəkləmək məqsədilə icra olunan “İnklüziv İnkişaf Platforması” layihəsinin yekunu olaraq İnklüziv Karyera Forumu keçirilib.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Mərkəzin benefisiarları və digərləri iştirak ediblər.
Elnarə Ənsari həssas qrupların yaradıcı potensialı və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunmuş əlilliyi olan şəxslərin və digər həssas qrupların məşğulluq imkanlarının genişləndirilməsi üçün də görülən dəstək tədbirlərini diqqətə çatdırıb.
Hasil Abbasov əlilliyi olan şəxslər üçün məşğulluq və özünüməşğulluq imkanlarının yaradılması, onların əmək bazarına çıxışlarının dəstəklənməsi üçün Agentlik tərəfindən görülən işlər barədə məlumat verib. Aktiv məşğulluq proqramlarının icrasında əlilliyi olan şəxslərə üstünlük verildiyini, bu Forumun da əlilliyi olan şəxslər üçün karyera imkanlarının genişləndirilməsinin təşviqi baxımından önəmini qeyd edib.
Elşad Məmmədov isə çıxışında inklüziv məşğulluğun təşviqində ictimai nəzarətin və vətəndaş cəmiyyəti institutlarının rolunun əhəmiyyətini vurğulayıb. O, əlilliyi olan şəxslərin əmək bazarında bərabər iştirakının təmin edilməsinin yalnız dövlət siyasəti ilə deyil, həm də cəmiyyətin ümumi yanaşması və işəgötürənlərin sosial məsuliyyəti ilə mümkün olduğunu bildirib.
Forum çərçivəsində “Peşəkar bərabərlik prinsipləri əsasında inklüziv məşğulluğun genişləndirilməsi” mövzusunda keçirilmiş panel müzakirəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular müzakirə edilib. Mərkəzin benefisiarları tərəfindən konsert proqramı da təqdim olunub. Təşkil edilən interaktiv sessiyada əlilliyi olan şəxslər öz uğur hekayələrini bölüşüblər.
“İnklüziv İnkişaf Platforması” layihəsi çərçivəsində 13 dekabr 2025-ci il tarixindən etibarən layihə iştirakçısı olan əlilliyi olan şəxslər üçün silsilə təlimlər təşkil olunub. Bu təlimlər çərçivəsində iştirakçılara müasir iş dünyasının tələblərinə uyğun praktiki bilik və bacarıqlar təqdim olunub, iki dəfə şəbəkələşmə görüşü təşkil edilib. Layihəyə 30 nəfər əlilliyi olan şəxs cəlb edilib.