İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir

Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz kimi qeydiyyatdan keçən şəxs üçün fərdi məşğulluq proqramının və onun icrasına dair hesabat formasının həmin şəxsə təqdim edilməsi prosesi elektronlaşdırılıb.

 

Fərdi məşğulluq proqramı işsiz şəxsin işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan və aktiv məşğulluq tədbirlərinin konkret həcmini, növünü və icra müddətini müəyyən edən sənəddir. İşsiz şəxsə onunla bağlı fərdi məşğulluq proqramının tərtib edildiyi barədə SMS bildiriş göndərilir və proqram həmin şəxsin işsiz kimi qeydiyyatdan keçərkən “Məşğulluq” altsistemində formalaşan şəxsi kabinetinə yerləşdirilir.

 

İşsiz şəxs mesajı aldıqdan sonra e-sosial.az portalında “MS işaxtaranlar” bölməsində “fərdi məşğulluq” pəncərəsinə daxil olaraq onun üçün tərtib olunmuş fərdi məşğulluq proqramını təsdiqləyə və ya ondan imtina edə bilər. Proqram təsdiqləndikdə vətəndaşa növbəti mərhələdə nə etməli olacağı barədə məlumat verilir. Proqramdan imtina etdikdə isə "Məşğulluq haqqında" Qanunun 5.10.4-cü maddəsinə əsasən işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır. 5 iş günü müddətində Fərdi Məşğulluq Proqramına münasibət bildirmədikdə isə bu, proqramdan imtina kimi qiymətləndirilir və şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir. 

 

İşsiz şəxsləri onların işə düzəlməsinə kömək məqsədi ilə hazırlanan fərdi məşğulluq proqramını təsdiq edərək orada qeyd edilən tədbirləri icra etməyə dəvət edirik.

 

Bu barədə daha ətraflı təqdim olunan videoçarxda tanış ola bilərsiniz:

https://www.youtube.com/watch?v=60rWm3ANg2A

 

alt text