İnsan resursları əməliyyatları tam elektronlaşdırılacaq

Bu fikirlər Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli ilə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərovun bu gün keçirilən görüşündə səsləndirilib.

 

Görüşdə hər iki qurum tərəfindən elektron xidmətlər sahəsində görülən işlər barədə məlumat mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Rəqəmsal məşğulluğa keçidlə əlaqədar Agentliyin fəaliyyət istiqamətlərində əhəmiyyətli işlər görüldüyünü bildirən Mustafa Abbasbəyli artıq ölkə üzrə bütün vakansiyaların “Məşğulluq” altsistemində toplandığını, işəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirildiyini, işsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesinin elektronlaşdırıldığını və elektron fərdi məşğulluq proqramının tərtibatına başlanıldığını deyib. Qeyd edib ki, Agentlik tərəfindən yaradılan “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS ölkə üzrə vakansiya bankının daha təkmil şəkildə formalaşdırılmasına, işçi və işəgötürənlər arasında münasibətlərin elektron sistem üzərindən aparılmasına, ölkə üzrə akkreditasiya olunmuş elektron imza mexanizmindən istifadə etməklə əmək müqavilələrinin, kadr əmrlərinin elektron şəkildə tərtib olunmaqla imzalanmasına  imkan yaradacaqdır.  Bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək.

 

M.Abbasbəyli bildirib ki, Agentlik tərəfindən ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, e-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə də işlər aparılır. 

 

Fariz Cəfərov da öz növbəsində Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanan İnsan Resurslarının İdarəolunması sistemi barədə məlumat verib, “ASAN Bridge” Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ilə dayanıqlı təhlükəsiz məlumat mübadiləsi imkanlarının daha da genişləndiriləcəyini bildirib.

 

alt text

 

alt text

 

alt text