Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduTəlimlərin yekununda “İnklüziv Karyera Forumu” keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən əlilliyi olan şəxslərin peşə və karyera inkişafını dəstəkləmək, həmçinin inklüziv məşğulluğa çıxış imkanlarını genişləndirmək məqsədilə silsilə təlimlər təşkil olunacaq.
İştirakçılara aktiv ünsiyyət və empatiya, emosional düşüncə, vaxtın effektiv idarə olunması, sual vermə və sorğulama, tənqidi və analitik təfəkkür, prioritetləşdirmə və son tarixlə iş, qərarvermə və problemlərin həlli, adaptasiya bacarığı, korporativ mühitdə davranış qaydaları və komandada effektiv işləmə kimi mövzularda praktiki bilik və bacarıqlar təqdim olunacaq.
Təlim proqramına “İnklüziv Karyera Forumu” ilə yekun vurulacaq. Forum çərçivəsində inklüziv məşğulluq, əlçatan karyera imkanları, əmək bazarında bərabər iştirak, xüsusi qayğıya ehtiyacı olan şəxslərin peşə hazırlığı və sosial innovasiyalar kimi mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.
Forumda, həmçinin, mövzulara uyğun dəvət olunmuş spikerlərin iştirakı ilə panel diskussiyalarının və inklüzivliyə dair yeni yanaşmaların təqdimatı da nəzərdə tutulur. Ümumilikdə, təlimlərə 30 nəfərin cəlb edilməsi planlaşdırılır.
Müraciət üçün son tarix 10 dekabrdır.
İştirak üçün qeyd edilmiş onlayn müraciət formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına müsahibə mərhələsinə dəvət məktubu göndəriləcək.