Dövlət Məşğulluq Agentliyində Vətən müharibəsi qaziləri ilə görüş olub

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü ərəfəsində Dövlət Məşğulluq Agentliyində Vətən müharibəsində yaralanmış qazilərlə görüş keçirilib.


Agentliyin sədri Mustafa Abbasbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən bəhs edib. O, ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.


Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin  məşğulluqlarının təmini üçün göstərilən dəstək tədbirləri, həmçinin “Məşğulluq marafonu” barədə məlumat verilib. Marafona qoşulan işəgötürənlərin sayının daim artmaqda olduğu vurğulanıb. Qazilərin özünüməşğulluq proqramına cəlb edilərək, kiçik biznesə sahib olmaları, onların münasib işlərlə təminatı sahəsində görülən işlər diqqətə çatdırılıb.


Qazilər göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirib, xüsusilə başladılan “Məşğulluq marafonu”dan razılıqla bəhs ediblər.  


Görüşdə qazilərin sosial vəziyyətləri öyrənilib, müraciətləri də qeydiyyata alınaraq həlli üçün aidiyyatı üzrə göstəriş verilib. 


Vətən müharibəsi qazilərinin sosial dəstəklə təmin olunmaları sahəsində işlərin bundan sonra da davam edəcəyi bildirilib. 

 

alt text

 

alt text

 

alt text

 

alt text