Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilən “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi olan – “Biznesini Yarat Marafonu” çərçivəsində görüş keçirilib. Görüşdə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nadir Adilov, həmçinin gənclər təşkilatları və könüllü hərəkatlarının 1000-ə yaxın üzvü iştirak edib.
Tədbirdə gənclərin məşğulluğunun artırılması və sahibkarlıq fəaliyyətinə dəstək verilməsi istiqamətində mövcud dövlət mexanizm və proqramları barədə məlumat verilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətində əsas istiqamətlərdən birini gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq təşəbbüslərinin (“start-up”) dəstəklənməsi təşkil edir.
Bir neçə layihəni özündə birləşdirən “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı” gənclərin bilik və bacarıqlarının artırılması, innovativ ideyalarının reallaşdırılması, o cümlədən məşğulluqlarının təmin edilməsi, gənclərin əmək bazarında rəqabətə davamlılığının artırılması və mövcud potensiallarının reallaşdırılması imkanı yaradır. Proqramın ilk layihəsi olan “Biznesini yarat marafonu” gənclərin sahibkarlıq ideyalarına Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı və Gənclər Fondunun “İdeyanı reallaşdır – gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsi” çərçivəsində dəstək göstəriləcək.
Qeyd edək ki, “Biznesini yarat marafonu”na bu günədək 500-dən çox gənc müraciət edib. Son müraciət tarixi 10 aprel 2021-ci ildir. Layihəyə qoşulmaq üçün 18-29 yaş kateqoriyasındakı gənclər reallaşdırmaq istədikləri biznes ideyalarını qısa videoçarx şəklində proqramın veb saytında (www.gənc.az) və ya “GencAPP” mobil tətbiqində yerləşdirə bilərlər.