Özünüməşğulluq proqramı üzrə kiçik biznesini quran qadınlarla iş yerlərində görüş keçirilib

Özünüməşğulluq proqramı çərçivəsində öz kiçik müəssisələrini yaradan Nüyvər Musayeva və Gülşən Əzimova ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli həmin xanımlara məxsus istehsal və xidmət sahələri ilə tanış olub, onları qarşıdan gələn 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

 

O, qadınların məşğulluğunun və əmək bazarında iştirak imkanlarının artırılması üçün işlərin ildən-ilə gücləndirildiyini deyib.  Agentlik tərəfindən həyata keçirlən aktiv məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların mühüm bir hissəsinin qadınlardan ibarət olduğunu bildirib.

 

Qadınların məşğulluq və kiçik biznesə çıxış imkanlarının artırılması istiqamətində layihələrin icra edildiyi və bu layihələrin qarşıdakı dövrdə də davam etdiriləcəyi vurğulanıb.  

 

N.Musayeva un məmulatları istehsalı zərfi, G.Əzimova isə kiçik dərzi sexi zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilərək öz işlərini qurmaları üçün lazım olan avadanlıqlarla təmin ediliblər.

 

Onlar işsiz şəxslərin kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının icrasına, öz işlərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlıqlarını ifadə edib, kiçik bizneslərini inkişaf etdirmək üçün səylə çalışdıqlarını bildiriblər.