Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin nümayəndələri Bosniya və Herseqovinanın Əmək və Məşğulluq Agentliyinin təşkilatçılığı, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə keçirilmiş “Keçid dövründə əmək bazarı: insanlar, bacarıqlar və tərəfdaşlıqlar” mövzusunda Əmək və Məşğulluq üzrə Forumda iştirak edib.
Forumda bir sıra ölkələrin məşğulluq xidmətlərinin nümayəndələri, eləcə də Beynəlxalq Əmək Təşkilatı və Avropa Təlim Fondu kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində texnologiya, innovasiyaların və süni intellektin əmək bazarının gələcəyinə təsiri, əmək bazarı siyasətinin və institusional mexanizmlərin təkmilləşdirilməsi, bacarıqların inkişafı, insan kapitalı, əmək mobilliyi və miqrasiya məsələlərinə həsr olunmuş panel müzakirələr keçirilib.
Agentliyin Beynəlxalq əlaqələr və layihələr departamentinin müdir müavini Nərgiz Kərimova tədbirdə “Əmək fəaliyyətinin gələcəyi üçün texnologiyalar, innovasiyalar və yeni alətlər” mövzusunda keçirilmiş paneldə çıxış edib.
O, Dövlət Məşğulluq Agentliyi tərəfindən tətbiq edilən innovativ yanaşmalar və mexanizmlər, o cümlədən “Əmək və məşğulluq” altsistemi (ƏMAS) barədə məlumat verib. ƏMAS-ın əmək münasibətlərinin rəqəmsallaşdırılmasında rolu, eləcə də sistemin işəgötürənlər və işaxtaranlar üçün yaratdığı imkanlar diqqətə çatdırılıb.