Bakıda keçirilən əmək yarmarkasında 400-ə yaxın vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və işaxtaran şəxslər üçün Bakıda növbəti əmək yarmarkası keçirilib. 

 

Bakı Regional Məşğulluq filialı tərəfindən təşkil edilən aktiv məşğulluq tədbirində 35 işəgötürən iştirak edib və 400-ə yaxın vakansiya təqdim olunub.

 

Yarmarkada vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilib, ilkin müsahibələr keçirilib və uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Agentliyin tabeliyində Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada öz stendi ilə iştirak edib. İşsiz və işaxtaran şəxslərə mərkəzlərin fəaliyyəti və müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib.  

 

Əmək yarmarkasında, həmçinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də təmsil olunub. Yarmarka iştirakçılarına Mərkəzin fəaliyyəti, həssas əhali qruplarından olan şəxslər üçün yaradılmış şərait və həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tədbirdə Mərkəzin benefisiarlarının hazırladıqları əl işləri də sərgilənib.