Aztəminatlı gənclər üçün arıçılıq təsərrüfatı yaradılacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılmasını nəzərdə tutan “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsinə start verilib.

 

IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi vəABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.  

 

Layihə çərçivəsində arıçılıq təsərrüfatına xüsusi maraq göstərən 20 nəfər gənc arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı iki həftəlik nəzəri və praktiki təlimlərə cəlb olunublar. Təlimdə iştirak edən gənclərin arıçılıq təsərrüfatı üçün lazım olan resurs və ləvazimatlarla tam təchiz olunmuş, istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılmışdır. Təlimin sonunda iştirakçılar arıçılıq təsərrüfatı ilə məşğul olmaları üçün Dövlət Məşğulluq Agentliyi tərəfindən lazımi mal və materiallarla təmin ediləcəklər. 

 

Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatlar mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcəkdir. Bazar iqtisadiyyatı şəraitində rəqabətə davamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara “ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi nəzərdə tutulub.

 

alt text

 

alt text

 

alt text