“AmCham Azərbaycan” nümayəndələri üçün rəqəmsal məşğulluğa keçid tədbirlərinin təqdimatı keçirilib

 

Onlayn şəkildə baş tutan təqdimatda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov, Agentliyin nümayəndələri və Palatının üzvləri iştirak edib. 

 

Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli rəqəmsal məşğulluğa keçid istiqamətində görülən və planlaşdırılan işlər və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. Agentliyin “dəyişirik” şüarı ilə bir sıra yeniliklərə imza atdığını qeyd edən sədr rəqəmsallaşmanın prioritet istiqamət kimi müəyyən edildiyini diqqətə çatdırıb. O vurğulayıb ki, artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib. İşsiz və işaxtaran şəxslərin qeydiyyatı prosesi elektronlaşdırılıb, elektron fərdi məşğulluq proqramının tərtibatına başlanılıb. “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının da qurulması işləri aparılır. Agentlik sədri qeyd edib ki, bu platforma ölkənin insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək. 

 

M.Abbasbəyli həmçinin bildirib ki, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır.  E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və BACAR innovativ platforması üzrə işlərə də başlanılıb. 

 

Daha sonra “AmCham Azərbaycan” nümayəndələrinin sualları cavablandırılıb.