60-dan çox məktəbdə “İxtisas bələdçisi” maarifləndirmə seminarı təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Təhsil Tələbə Kredit Fondunun birgə əməkdaşlığı ilə Bakı şəhərində fəaliyyət göstərən tam orta məktəblərdə “İxtisas Bələdçisi” maarifləndirmə seminarlarının təşkilinə başlanılıb.

 

İki həftə davam edəcək layihə ümumilikdə paytaxtın 60-dan çox məktəbini əhatə edəcək. Layihə çərçivəsində məktəblilərə və abituriyentlərə düzgün ixtisas seçiminin meyarları, kodlaşdırma qaydaları, prosesin psixoloji aspektləri, əsas ixtisaslar və onların gələcək perspektivləri haqqında məlumatlar verilir, özünütanıma, özünüinkişafın əhəmiyyəti, bacarıq və istedadların müəyyən olunmasının yolları izah edilir. Eyni zamanda Təhsil Tələbə Kredit Fondunun əməkdaşları tərəfindən şagirdlərə təhsil tələbə kreditinə müraciət qaydaları, əsas seçim meyarları və s. barədə də məlumatlar verilir.

 

Artıq Yasamal, Binəqədi, Suraxanı və Nərimanov rayonlarında görüşlər keçirilib və proses davam edir.