Son 4 ildə özünüməşğulluq proqramı üzrə 36 min şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı çərçivəsində 2018-2021-ci illərdə 36 min şəxsə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılıb.

 

Öz kiçik biznes sahələrini qurmaq üçün proqrama cəlb olunanların sayı ildən-ilə dəfələrlə genişlənib.

 

Bunun göstəricisi kimi, özünüməşğulluq proqramına 2021-ci ildə 16 min şəxsin cəlb edilməsi nəzərdə tutulub ki, bu da proqramın icrasına başlandığı 2017-ci il ilə müqayisədə 15 dəfə çoxdur.

 

Proqramın icrası zamanı aztəminatlı ailələrə, şəhid ailələri və müharibə iştirakçılarına, əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara və digər həssas qruplara  üstünlük verilir.

 

Son illərdə özünüməşğulluq proqramının əhatə etdiyi kənd təsərrüfatı və istehsal-xidmət yönümlü iqtisadi fəaliyyət növlərinin siyahısı da genişləndirilərək 44-ə çatdırılıb.