Almaniyada müxtəlif sahələr üzrə vakansiyalara qeydiyyat başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Xaricdə iş” layihəsi çərçivəsində Almaniya Federativ Respublikasında müxtəlif peşələr üzrə işə qəbul üçün müraciətlərin qəbuluna başlanıb.
 

Vakansiyalar qaynaqçı/çilingər, aşpaz və yük avtomobili sürücüsü peşələrini əhatə edir. Bu istiqamətlər üzrə ümumilikdə 260 nəfərin işə qəbulu nəzərdə tutulur.
 

Vakansiyalar üzrə əsas tələblər aşağıdakılardır:
 

-Qaynaqçı/çilingər: müvafiq sahə üzrə minimum 2 illik peşə təhsili, son 5 il ərzində azı 2 il iş təcrübəsi, müvafiq qaynaq texnologiyaları üzrə bacarıq və sertifikat;

- Aşpaz: aşpazlıq üzrə minimum 2 illik peşə təhsili, yeməklərin hazırlanması və qida təhlükəsizliyi qaydaları üzrə bilik və bacarıqlar;

- Yük avtomobili sürücüsü: qüvvədə olan C və ya CE kateqoriyalı sürücülük vəsiqəsi, ağır yük avtomobili idarə etmək üçün müəyyən edilmiş tibbi tələblərə uyğunluq.
 

Namizədlərdən hər üç vakansiya üzrə minimum A2 səviyyəsində alman dili biliyi tələb olunur. B1 səviyyəsi arzuolunandır.
 

Əməkhaqqı vakansiya və iş təcrübəsindən asılı olaraq aylıq 2200–4200 avro arasında dəyişir.
 

Almaniyada işləmək, beynəlxalq əmək bazarında təcrübə qazanmaq və peşə bacarıqlarını inkişaf etdirmək istəyən uyğun namizədlər vakansiyalar üzrə müraciət etməyə dəvət olunur. Müraciətlər onlayn qaydada qəbul edilir.
 

Müraciət linki: https://survey.sosial.gov.az/index.php/219848?lang=az