Karyera planlamasına yönəlik təşviqat alətləri

Peşəyönümü məsləhət xidməti nədir? 

Peşəyönümü məsləhət xidməti gənclərin (tələbə və şagirdlərin, habelə onların valideynlərinin), işaxtaran və işsiz şəxslərin, peşəyönümünün təşkili üçün onlarla müsahibələr və testlər keçirməklə, təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş aktiv məşğulluq tədbiridir.

 

Peşəyönümü məsləhət xidmətinin istiqamətləri aşağıdakılardır:

  • şəxsin təhsilinə, bacarığına və şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisasının seçiminə dəstək olmaq;
  • əmək bazarının cari vəziyyəti əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar barədə məlumatlandırmaq;
  • karyera hədəfini müəyyənləşdirmək və planlaşdırmaq;
  • iş axtarışı üsulları və alətləri haqqında məlumat vermək;
  • CV-nin düzgün hazırlanmasına dair məsləhət vermək;
  • iş müsahibəsinə hazırlıq haqqında məlumat və dəstək vermək.

 

Peşəyönümü məsləhət xidmətinin göstərilmə yeri:

  • Ümumi təhsil müəssisələri;
  • Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri;
  • Elektron qaydada məlumatlandırma;
  • Çağrı mərkəzi (“Alo Karyera” dəstək xidməti) vasitəsilə məlumatlandırma.

 

Ümumi təhsil müəssisələrində peşəyönümü məsləhət xidmətinin təşkili zamanı aşağıdakı xidmətlər həyata keçirilir:

  • Şəxsin potensialını üzə çıxarmaq istiqamətində diaqnostik testlərin keçirilməsi: peşə seçimi üçün psixoloji motivasiyanın ölçülməsi, təhsilalanların bacarıq və maraqlarının müəyyən edilməsi məqsədilə sorğuların və testlərin keçirilməsi, müşahidələrin aparılması daxildir;
  • Məsləhət tədbirləri: təhsilalanların müşahidə zamanı müəyyən edilmiş xüsusiyyətləri, o cümlədən, meyil və maraqları nəzərə alınmaqla, ali, orta ixtisas və peşə təhsili müəssisələri tərəfindən təklif edilən proqramların və peşələrin seçimində düzgün, şüurlu qərar qəbul edilməsində, peşə özünütəyinində köməyin göstərilməsi, karyeranın planlaşdırılması üzrə məsləhət xidmətləri daxildir;
  • Peşələr haqqında məlumatlandırma: təhsilalanların əmək bazarında perspektivlərin müəyyən edilməsi, inkişaf yolunun seçilməsi və bu prosesdə onlara uyğun ola biləcək peşələr və bu peşələrin gələcəyin əmək bazarındakı yeri haqqında ətraflı məlumatın verilməsi daxildir.

 

Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzlərində məsləhət xidməti aşağıdakı qaydada göstərilir:

  • müraciət edən şəxs götürdüyü sıra nömrəsinə uyğun olaraq  müvafiq masaya yaxınlaşır;
  • müraciət edən şəxsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 iyun tarixli 266 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi Qaydası”na uyğun olaraq peşəyönümü məsləhət xidməti göstərilir;
  • peşəyönümü kabinetlərində məsləhət xidməti audio, video materiallardan, əyani vəsaitlərdən və psixometrik testlərdən istifadə olunmaqla, fərdi və ya qrup şəklində 20 dəqiqəlik söhbət və 45 dəqiqəlik interaktiv məlumatlandırma aparılmaqla həyata keçirilir.

 

Çağrı mərkəzi (“Alo Karyera” dəstək xidməti) vasitəsilə peşəyönümü məsləhət xidməti aşağıdakı qaydada həyata keçirilir:

  • Vətəndaşlar qeyd olunan keçid vasitəsilə peşəyönümü məsləhət xidmətinin alınmasına dair müraciət edirlər;
  • Müraciətlər peşəyönümü məsləhətçiləri tərəfindən yoxlanılır və daha sonra vətəndaşla əlaqə saxlanılaraq görüş üçün vaxt təyin edilir;
  • Vətəndaşla onlayn görüş keçirilərək məsləhət xidməti göstərilir.