Yeni layihənin icrasına başlanır

Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq prioritetləri çərçivəsində “Azərbaycanda layiqli iş yerlərinin yaradılmasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” layihəsinin icrasına başlanır.

 

Layihə çərçivəsində ölkəmizdə səfərdə olan xarici ekspertlərlə Nazirlik nümayəndələrinin görüşündə layihənin komponentlərindən bəhs olunub.

 

Qeyd edilib ki, layihə çərçivəsində Nazirlik və tabeli qurumların əməkdaşları üçün “Karyera məsləhətinə texniki dəstək” mövzusunda tədbirlər təşkil ediləcək.

 

Həmçinin əmək bazarındakı proseslər müzakirə edilməklə, peşə hazırlığı sahəsində potensialın gücləndirilməsi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılmasına dəstək istiqamətində işlər aparılacaq.

 

Layihə ömürboyu öyrənməni təşviq etmək, layiqli iş yerlərinin yaradılmasına dəstək göstərmək, karyera planlaması və karyera məsləhəti xidmətləri vasitəsilə gənclərə və həssas qruplardan olan şəxslərə daha effektiv peşəyönümü xidmətinin göstərilməsini təmin etmək və s. məqsədi daşıyır.