Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” MMC əməkdaşlığa başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında memorandum imzalanıb.

 

Sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə heyətinin sədri Mustafa Abbasbəyli və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Elşad Nuriyev imzalayıb.

 

Əməkdaşlıq memorandumuna əsasən, Yevlax və ətrafdakı rayonların ərazisində yaradılacaq pilot aqroparkda həmin rayonun ərazisində məskunlaşmış işaxtaran və işsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin iş axtarışına və özünüməşğulluğuna köməklik göstərilməsi, peşə yönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində əməkdaşlıq ediləcək.

 

Sənəddə həmçinin “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Yevlax və ətraf rayonlarda mövcud olan əmək bazarının tələblərinə uyğun aktiv məşğulluq tədbirlərinin təşkili ilə bağlı təkliflərin hazırlanaraq Agentliyə təqdim edilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerləri və sosial müəssisələrin yaradılmasına marağın artırılması məqsədilə Agentlik tərəfindən müxtəlif xarakterli həvəsləndirici (təşviqedici) tədbirlərin, o cümlədən proqram və layihələrin həyata keçirilməsi, peşə hazırlığına cəlb olunan şəxslərin müvafiq işlə təmin olunmasına köməklik göstərilməsi və onların iş yerlərində istehsalat təcrübəsi keçmələri üçün Cəmiyyət tərəfindən zəruri dəstəyin göstərilməsi nəzərdə tutulub.

 

alt text