YAP Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradılıb

YAP Xətai rayon təşkilatının Zığ yolu 4 (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi) ərazi partiya təşkilatı yaradılıb.

 

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə partiyanın keçdiyi şərəfli yoldan bəhs edərək bildirib ki, təxminən 800 min üzvü olan partiyanın sıraları günü-gündən genişlənir. Qeyd edib ki, xüsusilə savadlı və istedadlı gənclərin böyük həvəslə partiya sıralarına qoşulması sevindirici haldır. Partiyadakı bu  kəmiyyət və keyfiyyət yüksəlişi daha effektiv və operativ idarəetməni zəruri edir. Bu baxımdan ərazi təşkilatlarının yaradılması olduqca əhəmiyyətlidir. Bu, üzvlərin partiyanın işində və ölkənin siyasi həyatında daha aktiv iştirakına  şərait yaradacaq.

 

Daha sonra çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışıb. Bildirib ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin həyatında yeni dövr başladı. YAP iqtidar partiyası kimi ölkənin siyasi mühitinin aparıcı qüvvəsinə çevrilib. Son 20 ildə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbycan Partiyası daha da inkişaf edib və möhkəmlənib. Cəmaləddin Quliyev bildirib ki, hazırda Agentliyin çox sayda əməkdaşı partiyanın üzvüdür və yeni ərazi təşkilatının yaranması ilə onlar partiyanın işinə daha çox töhfə verəcəklər. 

 

Daha sonra digər çıxışçılar YAP-ın keçdiyi şərəfli yol və yeni ərazi təşkilatının yaranmasının əhəmiyyətindən danışıb.

 

Sonda isə partiyanın ərazi təşkilatına sədr və sədr müavini seçkiləri keçirilib. İştirakçıların yekdil rəyi ilə Cəmaləddin Quliyev ərazi təşkilatının sədri, Agentliyin Strateji kommunikasiya departamentinin müdiri Mayis Musayev isə sədr müavini seçilib.