“Veysəloğlu” şirkətlər qrupu ilə məşğulluq tədbirləri üzrə əməkdaşlıq imkanları müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti ilə “Veysəloğlu” şirkətlər qrupunun rəhbər şəxsləri arasında görüş keçirilib.

 

Şirkətin baş ofisində keçirilmiş görüşdə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, “Veysəloğlu” şirkətlər qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov, eləcə də hər iki qurumdan aidiyyəti üzrə nümayəndələr iştirak ediblər.

 

S.Əliyev Agentliyin fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğuna dəstək tədbirləri barədə məlumat verib, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə tərəfdaşlığın mühüm rol oynadığını vurğulayıb.

 

A.Talıbov da, öz növbəsində, 30 ildən artıq müddət ərzində “Veysəloğlu” şirkətlər qrupunun fəaliyyəti, o cümlədən, məşğulluğun təşviqi, sosial məsuliyyət və dayanıqlı inkişaf sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.

 

Görüşdə, həmçinin, qarşılıqlı əlaqələrin gücləndirilməsi, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində icra olunan məşğulluq tədbirləri və məqsədli proqramlar barədə məlumat verilib, birgə əməkdaşlıq imkanları, o cümlədən, sahəvi peşə hazırlığı, sertifikasiya və məşğulluğun genişləndirilməsi ilə bağlı birgə layihələrin icrası istiqamətində müzakirələr aparılıb.