Vətəndaş cəmiyyəti institutları ilə korrupsiyaya qarşı mübarizə tədbirlərinə dair müzakirə keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində görüş keçirilib.

 

Görüşdə Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

 

Mustafa Abbasbəyli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsini bu istiqamətdə daha effektiv və səmərəli fəaliyyət göstərilməsi üçün böyük imkanlar yaratdığını qeyd edib.  Bildirib ki, Nazirlik və tabeli qurumlar tərəfindən korrupsiya ilə mübarizə tədbirlərinə həssaslıqla yanaşılır. Belə ki, Dövlət Məşğulluq Agentliyinə ISO Təşkilatının (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” beynəlxalq standartı üzrə sertifikat təqdim edilib.  Sertifikat Agentlikdə anti-korrupsiya siyasəti və korrupsiyaya qarşı mübarizə idarəetmə sisteminə uyğunluğun təmin edilməsini təsdiq edir.

 

Sədr qeyd edib ki, Agentlik tərəfindən məşğulluq xidmətlərinin böyük həcmdə elektronlaşdırılması təmin edilib, özünüməşğulluq və ictimai işlər proqramları üzrə növbəlilik sistemi yaradılaraq ictimaiyyətə təqdim edilib və proses bu gün də davam edir.

 

Ümumilikdə dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərinin tətbiqi şəffaflığın təmin olunmasında mühüm rol oynadığı, islahatların nəticəsi olaraq korrupsiya ilə mübarizə sahəsində müsbət nəticələrin əldə olunduğunu diqqətə çatdırıb.

 

Qeyri-hökumət təşkilatlarının nümayəndələri də korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə bu cür görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.