Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqlar üçün tədbirlər təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı və Quba-Xaçmaz Regional Məşğulluq filialları tərəfindən sosial tərəfdaşlarla birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Korporativ Sosial Məsuliyyət tədbirləri təşkil olunub.

 

Bakıda keçirilən tədbirdə Bakı Regional Məşğulluq filialı, AL MARKET MMC, “MCDONALD”S Azərbaycan” QSC və Hədəf şirkətlər qrupunun nümayəndələri “Ümid yeri” uşaq sığınacağını ziyarət edib. Burada uşaqlarla müxtəlif oyunlar oynanılıb, rəqs nömrələri, əyləncəli şou proqramlar təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif hədiyyələr, dərslik vəsaitləri təqdim olunub.

 

Qubada isə Vətən müharibəsi şəhidlərinin və müharibə veteranlarının övladları üçün əyləncəli proqram hazırlanıb. Quba-Xaçmaz Regional Məşğulluq filialı tərəfindən uşaqlar üçün rayonun turistik zonalarına infotur təşkil edilib. Əvvəlcə onlar Quba Palace Otelinin əyləncə məkanında xoş vaxt keçiriblər, daha sonra isə Macara Otelində kulinariya master klasına qatılıblar.

 

Tədbir çərçivəsində həmçinin şəhid Taleh Babayevin doğum gününü qeyd edən övladı Turan Babayev üçün şənlik təşkil edilib.