Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş mini futbol turnirinə yekun vurulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş mini futbol turniri başa çatıb.

 

1 ay davam edən idman yarışı gərgin mübarizə şəraitində keçib. Turnirdə Agentliyin Mərkəzi Aparatı, Mərkəzi və Regional Məşğulluq filialları, habelə Peşə Hazırlığı Mərkəzlərinin əməkdaşlarından ibarət 16 komanda iştirak edib.

 

Turnirin son günündə əvvəlcə üçüncü yer uğrunda mübarizədə Mərkəzi Mühasibatlıq və Təyinat filialının (MMTF) “Topçular” komandası ilə Şəki-Zaqatala Regional Məşğulluq filialının komandası üz-üzə gəlib. “Topçular” komandası rəqibinə 3-1 qalib gələrək bürünc mükafata sahib olub.

 

Final oyunu isə daha gərgin keçib. Finalda turnir ərzində bütün rəqiblərinə qalib gələn iki komanda – Agentliyin Mərkəzi Aparatının “Zəfər” və Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının (MMQF) komandası qarşılaşıb. MMQF-nin komandası 5-3 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub.

 

Oyunlar başa çatdıqdan sonra təntənəli mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qalibləri təbrik edib və turnirin Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə layiq, idman ruhuna və prinsiplərinə uyğun olaraq keçirildiyini deyib.

 

Turnirdə həmçinin müxtəlif nominasiyalar üzrə fərqlənən əməkdaşlar da mükafatlandırılıb.  Belə ki, İbrahim Qafarlı (MMQF) ən yaxşı oyunçu,  Rəşad Camalov (Şəki-Zaqatala RMF) ən yaxşı qapıçı, Elvin Allahverdiyev (“Topçular”) isə  turnirin ən sərrast oyunçusu seçilib.

 

İlk dəfə baş tutmasına baxmayaraq gərgin idman mübarizəsi və yüksək səviyyəli təşkilatçılıqla yadda qalan turnirin növbəti illərdə də keçirilməsi planlaşdırılır.