Üçüncü Azərbaycan Karyera İnkişaf Forumu başa çatıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Yenilikləri fürsətə çevir” devizi altında keçirilən üçüncü Azərbaycan Karyera İnkişaf Forumu bir sıra mövzular ətrafında panellərlə davam edib.

 

“Dəyişən dünyada necə sağ qalaq?”, “İş dünyasının gələcəyi və dəyişən tələblər” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə təqdimatlar edilib, müzakirələr keçirilib.

 

Artıq başa çatan tədbirin yekunu olaraq gələcək yönümlü təklif, ideya və həllərin toplusunun hazırlanaraq müvafiq dövlət qurumları və özəl müəssisələrə göndərilməsi nəzərdə tutulub.

 

Ölkəmizdə üçüncü dəfə keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak edib.

 

Bu ilki Forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.