Türkiyəli mütəxəssislər Azərbaycan təcrübəsini öyrənməkdə maraqlıdırlar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin (ÇASGEM) nümayəndələri arasında görüş keçirilib.

 

Görüşdə məşğulluq sahəsi ilə bağlı məsələlər, xüsusi ilə əmək bazarının araşdırılması və təhlili istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr haqqında geniş məlumat verərək bildirib ki, əmək bazarının təhlili qurumun fəaliyyətində xüsusi yer tutur.

 

Həyata keçirilən layihələr içərisində “Məzunların məşğulluq reytinqi” platforması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb. Qonaqlara platformanın üstünlükləri, əhəmiyyəti barədə təqdimat edilib, rəqəmsallaşma və peşə hazırlığı sahəsində görülən işlər müzakirə olunub.

 

Türkiyənin Əmək və Sosial Müdafiə Təlim və Araşdırma Mərkəzinin rəhbəri Elif Gökçearslan da təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Agentliyin həyata keçirdiyi layihələri maraqla izlədiklərini, bir çox sahələrdə, xüsusilə rəqəmsallaşma və peşə hazırlığı ilə bağlı Azərbaycan tərcübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb. E. Gökçearslan Türkiyədə uğurla həyata keçirilən karyera məsləhətçiliyi institutu ilə bağlı təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.

 

Müzakirələrin nəticəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün iş planının hazırlanması və konkret istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılması razılaşdırılıb.