TİPx “Uğur üçün bacarıqlar” konfransı keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı ilə Bakı Biznes Universitetində “Tələbə İnkişaf Platforması” layihəsi çərçivəsində “Uğur üçün bacarıqlar” adlı növbəti konfrans keçirilib.

 

Konfransda Agentliyin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, Milli Məclisinin deputatı Müşfiq Cəfərov, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov, Dünya Bankının gender bərabərliyi üzrə baş məsləhəçisi Şəms Mustafayeva, Bakı Biznes Universitetinin prorektoru Cavidan Heydarov, Karyera və məzunlarla iş mərkəzinin direktoru Qafar Bağırov, müəllimlər və 200-dən çox tələbə heyəti iştirak edib. 

 

Tədbirdə çıxış edən Ülvi Abasquliyev Agentliyin fəaliyyətindən bəhs edib, karyera inkişafı və digər bu kimi istiqamətlərdə həyata keçirilən sosial yönümlü layihələr barədə məlumat verib.

 

Universitetin prorektoru Cavidan Heydarov Bakı Biznes Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin sıx əməkdaşlıq etdiyini vurğulayaraq tələbə və məzunların məşğulluq səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb.

 

Daha sonra Müşfiq Cəfərov  “Əmək bazarına aparan yol” mövzusunda təqdimatla çıxış edib. Millət vəkili karyera yolunda uğur qazanmaq üçün 10 mühüm tövsiyə barədə danışıb.

 

Kənan Əkpərov isə “Fərqli gələcək” mövzusunda təqdimat edərək tələbəlik dövrünü daha məhsuldar keçirməyin yolları və bu istiqamətdə şəxsi təcrübələrini bölüşüb.

 

Konfransın növbəti spikeri BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Əmək bazarının dəyişkənliyi” adlı təqdimatla çıxış edərək iş dünyasının yeni ehtiyacları, tələbləri, gələcəyin peşələri və bacarıqları, müstəqil öyrənmə bacarığının əhəmiyyəti barədə fikirlərini bölüşüb.

 

“Sosial zəka-önəmli iş bacarığı” mövzusunda təqdimat edən Şəms Mustafayeva isə müasir əmək bazarında uğur qazanmaq üçün emosional zəkanın əhəmiyyətindən danışıb. Ş.Mustafayeva ünsiyyət, dinləmə, empatiya, sosial rollar kimi bacarıqların karyera inkişafında rolundan bəhs edib.

 

Konfransın yekununda spikerlər tələbələrin suallarını cavablandırıblar.