“Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxıda yeni sosial müəssisə istifadəyə verilib

Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin birgə təşəbbüsü, “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə icra olunan “Tənha Anaların Sosial İnkişafına Dəstək II” layihəsi çərçivəsində Şamaxının Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib.

 

Açılış tədbirində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Muradlı, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ramal Quluzadə, “PAŞA Holdinq”in Dövlət Qurumları ilə Əlaqələr və Korporativ Sosial Məsuliyyət Departamentinin nümayəndəsi Bəyim İbrahimova, KOBİA-nın Dağlıq Şirvan regional koordinatoru Cavanşir Məhərrəmov, “İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyinin sədri Araz Əhmədov və digər qonaqlar iştirak ediblər.

 

Qeyd edilib ki, sosial müssisənin istifadəyə verilməsində məqsəd tənha anaların sosial həyatda fəal iştirakını gücləndirməyə kömək etmək və qadınların iqtisadi, sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirmək, sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün geniş imkanlar yaratmaqdır.  

 

Layihə çərçivəsində ilk olaraq uşaqlarını tək böyüdən və çoxuşaqlı anaların seçimi aparılıb. Uyğun namizədlərə biznes təlimləri keçirilib və sonda onlara dərzilik fəaliyyəti üzrə avadanlıqlar təqdim edilib.

 

Qeyd edək ki, “Tənha Anaların Sosial İnkişafına Dəstək I” layihəsi çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən birinci tikiş müəssisəsində işçi sayı 10 nəfərdən 18 nəfərə çatdırılıb. Layihənin davamı olaraq, Göylər kəndində yaradılan yeni sosial müəssisədə isə 20 nəfər işlə təmin ediləcək. Hədəf Şamaxı rayonu üzrə 100-dək xanımın işlə təmin olunmasıdır.

 

 

Bizi sosial mediada izləyin

 

Facebook: dma.gov.az

Instagram: dma.gov.az

Linkedin: Dövlət Məşğulluq Agentliyi

YouTube: dmasosialgovaz