“Sosial sahibkarlıq” mövzusunda təşkil edilən təlimin iştirakçılarına sertifikatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Education HUB-ın birgə əməkdaşlığı çərçivəsində jurnalistlər və blogerlər üçün keçirilən təlimin iştirakçılarına sertifikatlar təqdim edilib.

 

“Sosial sahibkarlıq” adlı təlimdə media nümayəndələri, jurnalistlər və blogerlər iştirak edib. İki gün davam edən təlimlərdə məşğulluq, sahibkarlıq, əmək miqrasiyası və s. mövzular üzrə təqdimatlar edilib. İşirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Təlimin iştirakçıları ilə görüşən Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli dövlət siyasətinin təbliğində və maarifləndirmə işinin təşkilində media nümayəndələrinin rolundan danışıb, bu cür təlimlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, sosial sahibkarlıq yeni bir sahədir və ictimai marağı cəlb etmək, iqtisadi davamlılığı təmin etmək üçün bu sahənin təbliğ olunmasında medianın rolu əvəzedilməzdir

 

Təlimin əsas məqsədi media nümayəndələri arasında sosial sahibkarlıq haqqında məlumatlılığın artırılması və cəmiyyətə gətirdiyi dəyərin onların vasitəsilə daha çox insana çatdırılmasıdır.

 

Qeyd edək ki, “Sosial sahibkarlıq” təlimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Dəyər üçün əməkdaşlıq" proqramı çərçivəsində həyata keçirilib.