Tacikistan nümayəndə heyəti Bakı Regional Məşğulluq filialında olub

Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Kiyomiddin Davlatzodanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında olub.

 

Nümayəndə heyətinə Agentliyin funksional istiqamətləri, Məşğulluq filiallarında yeni konsepsiyanın tətbiqi ilə bağlı ətraflı məlumat verilib, buna uyğun olaraq karyera məsləhətçilərinin fəaliyyəti ilə yerində tanışlıq olub.

 

Daha sonra Filialda Tacikistan nümayəndə heyəti ilə görüş keçirilib. Bildirilib ki, Agentliyin fəaliyyətinin əsas istiqaməti əmək bazarının təhlili və buna uyğun olaraq işsiz və işaxtaran şəxslər üçün doğru məşğulluq tədbirlərinin icrasıdır. Həmçinin əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.