Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilib

Tədbirdə 35 işəgötürən tərəfindən 150-dən çox vakansiya təqdim edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə Universitetin tələbə və məzunları üçün əmək yarmarkası keçirilib. 

 

Yarmarkanın açılışında çıxış edən SDU-nun rektoru, professor Nurəli Yusifbəyli bildirib ki, bu platforma tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri real iqtisadi mühitdə tətbiq etmələri və peşəkar fəaliyyətə ilk addımlarını atmaları baxımından mühüm imkan yaradır. Onun sözlərinə görə, Sumqayıt şəhərinin də daxil olduğu Xızı-Abşeron iqtisadi rayonu qeyri-neft sənayesinin əhəmiyyətli hissəsini formalaşdırmaqla yanaşı, geniş əmək bazarı və sənaye imkanları ilə də seçilir. Bu baxımdan belə platformaların məhz Sumqayıtda təşkili xüsusi aktuallıq kəsb edir.

 

Agentliyin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, əmək yarmarkaları və digər aktiv məşğulluq tədbirləri işsiz və işaxtaran şəxslərin, xüsusilə də gənclərin əmək bazarına inteqrasiyasında mühüm rol oynayır. O, qeyd edib ki, bu kimi təşəbbüslər gənclərin ixtisaslarına uyğun vakansiyalara çıxış imkanlarını genişləndirir, işəgötürənlərin ixtisaslı kadrlara olan tələbatının operativ şəkildə qarşılanmasına şərait yaradır.

 

Sədr vurğulayıb ki, Dövlət Məşğulluq Agentliyi ali təhsil müəssisələri, o cümlədən Sumqayıt Dövlət Universiteti ilə əməkdaşlığa xüsusi önəm verir. Bu əməkdaşlıq çərçivəsində tələbə və məzunların məşğulluq imkanlarının artırılması, onların əmək bazarına keçidinin asanlaşdırılması məqsədilə müxtəlif layihə və təşəbbüslər icra olunur.

 

Aktiv məşğulluq tədbirində 35 işəgötürən tərəfindən 150-dən çox vakansiya təqdim edilib. İştirakçılara bu vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb.

           

Yarmarkada Agentliyin Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da öz stendləri ilə iştirak ediblər. İşsiz və işaxtaran şəxslərə həyata keçirilən peşə kursları, müraciət qaydaları barədə məlumat verilib, karyera məsləhəti xidməti göstərilib. 

 

Tədbirə qatılan şəxslər Agentlik tərəfindən icra olunan aktiv məşğulluq tədbirləri barədə də məlumat almaq imkanı əldə ediblər.