“Startaplara dəstək” layihəsinin daha bir qrup iştirakçısına avadanlıqlar təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Startaplara dəstək” layihəsinin iştirakçısı olan daha 2 startapçıya biznes layihələrini reallaşdırmaq üçün özünüməşğulluq proqramı çərçivəsində lazımi avadanlıqlar verilib.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” və “Sabah Hub” inkubasiya mərkəzləri ilə birgə icra olunan layihənin məqsədi innovativlik, iqtisadi cəlbedicilik, davamlılıq və tələbat meyarlarına cavab verən startaplara dəstək olmaqdır.

 

Bu dəfə layihə çərçivəsində “Enterprise Azerbaijan” portalının reallaşdırdığı “Startap School 1”-də birinci yerin qalibi “Abroadventure” və iştirakçı “Supply Chain Community” komandalarında fəaliyyətə başlayan işsiz üzvlərə noutbuklar, mobil telefonlar və digər zəruri elektron məhsullar təqdim edilib.