Sloveniyanın Məşğulluq Xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində ölkəmizdə səfərdə olan Sloveniya Respublikasının Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidmətinin nümayəndə heyəti və Sloveniyada fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

 

Görüşdə məşğulluq sahəsində əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi, həmçinin Azərbaycan və Sloveniya arasında işçi dövriyyəsinin təmin edilməsi istiqamətində əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub.

 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bildirib ki, imzalanmış Fəaliyyət Planı çərçivəsində qarşılıqlı təcrübə mübadiləsinin aparılması hər iki tərəf üçün faydalıdır.

 

Görüşdə Sloveniya nümayəndə heyətinə Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, xüsusilə də aktiv məşğulluq tədbirləri ilə bağlı ətraflı məlumat verilib.

 

Qonaqlar 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlər və yaradılan şəraitlə də tanış olublar. Onlara DOST konsepsiyasının üstünlükləri və dövlət sosial xidmətlər sahəsinə gətirdiyi innovativ yeniliklərdən bəhs olunub. Daha sonra nümayəndə heyəti ilə DOST Agentliyində görüş keçirilib.

 

Nümayəndə heyətinin Dövlət Məşğulluq Agentliyinin Bakı və Gəncə-Daşkəsən regional məşğulluq filiallarına, eləcə də Qarabağ Peşə Hazırlığı Mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulub.

 

Həmçinin Sloveniya şirkətlərinin nümayəndələrinin bu ölkədə mövcud iş imkanları üzrə elanlara müraciət etmiş Azərbaycan vətəndaşları ilə müsahibələr keçirmələri də planlaşdırılır.