Sloveniya nümayəndə heyəti Bakı Regional Məşğulluq filialı və peşə hazırlığı mərkəzlərində olub

Sloveniyanın Əmək, Ailə, Sosial Məsələlər və Bərabər İmkanlar Nazirliyi yanında Məşğulluq Xidmətinin nümayəndə heyəti və bu ölkənin bir sıra şirkətlərinin nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında, həmçinin Qarabağ və Gəncə Peşə Hazırlığı Mərkəzlərində olublar.

 

Qonaqlara filialın və mərkəzlərin fəaliyyəti, göstərilən xidmətlər və yaradılmış şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, Bakı Regional Məşğulluq filialında işsiz və işaxtaran şəxslərin qeydiyyatı ilə yanaşı, karyera məsləhətçiləri tərəfindən fərdi karyera məsləhəti xidməti göstərilir, vətəndaşların məşğulluq tədbirlərinə yönləndirilməsi təmin edilir, əmək bazarının tələblərinə uyğun müxtəlif tədbirlər həyata keçirilir.

 

Qarabağ və Gəncə Peşə Hazırlığı Mərkəzlərində isə nümayəndə heyəti sinif otaqları və emalatxanalarla tanış olub, peşə hazırlığı üzrə tədris prosesini izləyib. Qonaqlara mərkəzlərin fəaliyyəti və peşə hazırlığı istiqamətində həyata keçirilən işlər barədə təqdimat nümayiş etdirilib.

 

Bildirilib ki, Qarabağ Peşə Hazırlığı Mərkəzi Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində öz doğma yurdlarına qayıdan vətəndaşların məşğulluğunun təmin olunması, eləcə də həssas kateqoriyalardan olan şəxslərin əmək bazarının tələblərinə uyğun peşə və bacarıqlar əldəetməsi baxımından mühüm rol oynayır.