Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
Oldu Tədbir çərçivəsində "Həvəsləndirmə mükafatları" müsabiqəsinin daha bir qrup qalibinə bizneslərini genişləndirmək məqsədilə əlavə avadanlıqlar təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində növbəti maarifləndirmə görüşü Şəmkir şəhərində təşkil olunub.
Tədbirdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dövlət Vergi Xidmətinin nümayəndələri, layihə əməkdaşları və 200-dən çox benefisiar iştirak ediblər.
H.Abbasov özünüməşğulluq proqramının və "Məşğulluğa Dəstək Layihəsi"nin vətəndaşların kiçik biznes qurmasında və dayanıqlı gəlir əldə etməsində mühüm vasitə olduğunu diqqətə çatdırıb. "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində icra olunan "Həvəsləndirmə mükafatları" müsabiqəsinin uğurlu fəaliyyət göstərən benefisiarların bizneslərini genişləndirmələrinə, gəlirlərini artırmalarına və yeni inkişaf imkanları əldə etmələrinə xidmət etdiyini bildirib.
R.Tağıyev çıxışında rayonda məşğulluğun artırılması istiqamətində icra olunan layihələrin və aktiv məşğulluq tədbirlərinin işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının genişlənməsinə və yeni gəlir mənbələrinin formalaşmasına mühüm töhfə verdiyini bildirib.
Görüş iştirakçılarına layihənin məqsədi, icra mexanizmi, iştirak şərtləri və iştirakçılar üçün nəzərdə tutulan dəstək tədbirləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində "Həvəsləndirmə mükafatları" müsabiqəsinin daha bir qrup qalibinə özünüməşğulluq proqramı çərçivəsində yaratdıqları kiçik bizneslərini genişləndirmək məqsədilə əlavə avadanlıqlar təqdim edilib.
İndiyədək Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Mərkəzi Aran, Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara, Şirvan-Salyan və Qarabağ iqtisadi zonaları üzrə ümumilikdə 90-dan artıq şəxsə kiçik bizneslərini genişləndirmələrinə dəstək məqsədilə əlavə avadanlıqlar verilib.
Benefisiarlara təqdim edilən aktivlər avtoçilingər xidmətləri, PVC qapı və pəncərələrin istehsalı avadanlıqları, kiçik fotoatelye, qadın gözəllik salonu, avtomobil şinlərinin bərpası və təmiri fəaliyyət istiqamətlərini əhatə edir.
"Həvəsləndirmə mükafatları" müsabiqəsi özünüməşğulluq proqramı çərçivəsində uğurlu fəaliyyət göstərən benefisiarları bizneslərini daha da inkişaf etdirməyə təşviq etmək, onların gəlir imkanlarını artırmaq və fəaliyyətlərinin dayanıqlığını gücləndirmək məqsədi daşıyır.
Müsabiqənin birinci mərhələsi çərçivəsində ümumilikdə 100 benefisiarın əlavə aktivlərlə təmin edilməsi nəzərdə tutulur. Aktivlərin təhvil verilməsi mərhələli şəkildə davam etdirilir. Növbəti mərhələdə daha 190 nəfərin əmlaklarla təmin edilməsi planlaşdırılır.