Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən müəssisələrdə olub və işəgötürənlərlə əməkdaşlıq məsələlərini müzakirə edib.
Agentlik sədri əvvəlcə Balakəndə fəaliyyət göstərən Balacans MMC, Balacans Agro Food MMC, Caucasus Energy MMC şirkətlərinin istehsal müəssisələrində olub. Ümumilikdə 87 nəfər işçisi olan bu müəssisələrdə 16 nəfər məhz Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə Balacans Agro Food MMC ilə əməkdaşlıq çərçivəsində 20 nəfərdən ibarət peşə hazırlığı kursu təşkil edilib.
Sadiq Əliyev daha sonra Şəkidə fəaliyyət göstərən və regionun ən böyük işəgötürənlərindən olan Şəki Şərab MMC və Azabrau MMC şirkətlərinin istehsal müəssisələrinə baş çəkib. Bu müəssisələrdə ümumilikdə 137 nəfər çalışır ki, onların da 96 nəfəri Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında işlə təmin olunub. Bundan əlavə Şəki Şərab MMC ilə əməkhaqqının birgə maliyyələşməsi proqramı üzrə əməkdaşlıq edilir.
Görüşlər zamanı işəgötürənlərə Agentliyin fəaliyyət istiqamətləri, rəqəmsal layihələri, işəgötürənlərə dəstək proqramları barədə məlumat verilib, gələcək əməkdaşlıq məsələlərinə dair müzakirələr aparılıb.