Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov Vətən müharibəsi şəhidləri Məqsəd Həsənov və Ağacavad Mütəllimzadənin ailələrini ziyarət ediblər.
Ailələrlə ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb.
Məqsəd Həsənov 2020-ci il oktyabrın 7-də Suqovuşan ətrafında gedən hərbi əməliyyatlar zamanı, Ağacavad Mütəllimzadə isə 2020-ci il oktyabrın 22-də Xocavənd rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Məqsəd Həsənov "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", Ağacavad Mütəllimzadə isə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Hər iki şəhidin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub, məşğulluq məsələlərinin həllinə dəstək göstərilir. Belə ki, şəhid Məqsəd Həsənovun həyat yoldaşı Ayşən Həsənova və şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimova Dövlət Məşğulluq Agentliyi tərəfindən münasib işlə də təmin ediliblər.
Görüşlərdə hər iki şəhidin ailələrinin bundan sonra da sosial dəstək tədbirləri ilə əhatə olunacaqları bildirilib.