Sahibkarlara qeyri-formal məşğulluqla mübarizə tədbirləri barədə məlumat verilib

Qazaxda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta”, “Qeyri-formal məşğulluğun aradan qaldırılması”, “Kiçik və orta biznesin inkişafına dövlət dəstəyi” mövzularında tədbir keçirilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialı, Qazax Rayon İcra Hakimiyyəti, Aqrar Sığorta Fondu və Qazax KOB Dostunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə müxtəlif qurumların rəhbərləri və nümayəndələri, bələdiyyələr, fermerlər və iri sahibkarlar iştirak edib.

 

Tədbirdə sahibkarlığın inkişafı istiqamətində görülən işlərdən danışılıb, bölgələrdə mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi, yeni bizneslərin yaranması üçün dəstək tədbirlərinin həyata keçirildiyi vurğulanıb. 

 

Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının müdiri Elçin Nəsibov Filial tərəfindən görülən işlər barədə məlumat verib, qeyri-formal məşğulluqla mübarizə sahəsində görülən işləri diqqətə çatdırıb. Bildirib ki, mövzu ilə bağlı məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclasları təşkil olunub, sahibkarlar və işəgötürənlərlə görüşlər keçirilib, maarifləndirmə tədbirləri aparılıb.

 

Sonda fermerləri, sahibkarları maraqlandıran suallar cavablandırılıb.