Sahibkarlar məşğulluq xidmətləri barədə məlumatlandırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində Lənkəran şəhərində keçirilən tədbirdə iştirak edib. M.Abbasbəyli Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər, bu sahədə nəzərdə tutulan yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının mikro və kiçik sahibkarlığa başlanılmasında rolu barədə məlumat verib. 

 

Tədbirdə Bakı şəhərindən və Lənkəran–Astara iqtisadi rayonuna daxil olan Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı, eləcə də Şirvan və Salyan rayonlarından 300-dən çox sahibkar, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirin davamında “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən Dövlət Məşğulluq Agentliyi, KOBİA, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), Sahibkarlığın İnkişafı Fondu və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı ətraflı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və sahibkarlığa başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir.