Ucqar kənd məktəblərində təhsil alan şagirdlər üçün “Kəndimə gəl!” Düşərgə layihəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi, Gənclər və İdman Nazirliyi və Azerbaijan International Mining Company Limited şirkətinin birgə əməkdaşlığı, “İrşad”ın dəstəyi ilə “Kəndimə gəl!” Düşərgə layihəsi keçirilib.

 

Layihə çərçivəsində 6 fərqli bölgənin ucqar kənd məktəblərində təhsil alan şagirdlər Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq Sağlamlıq və İstirahət Mərkəzində yerləşdirilib. İştirakçılar 5 gün ərzində “İxtisas seçimi”, “Gələcəyin peşə və bacarıqları”, “Bizi dəyərli edən nədir?”, “Ünsiyyət bacarıqları”, “Motivasiya yoxsa disiplin?” kimi mövzularda təlimlərdə iştirak ediblər. Eyni zamanda onların Bakının tarixi məkanlarına səfəri təşkil edilib, açıq hava oyunları, masterklasslar və panel müzakirələri təşkil edilib.

 

Layihənin bağlanış günündə Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ramil Cabbarov da iştirak edərək düşərgə iştirakçılarına layihənin faydasından danışıb, şagirdlər üçün düzgün peşə seçiminin vacibliyi, özünü inkişaf və digər mövzularda tövsiyələrini veriblər.

 

Düşərgənin bağlanış tədbirində “Kəndimə gəl!” layihəsi çərçivəsində görülən işlərlə bağlı təqdimat edilib. Daha sonra şagirdlər müxtəlif rəqs və musiqi nömrələri təqdim ediblər, onlara sertifikatlar və hədiyyələr təqdim edilib. Xatirə fotosu çəkdirilib.