“Məşğulluğa Dəstək layihəsi” çərçivəsində Saatlı və Sabirabadda da ictimai dinləmələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” barədə məlumatlılığı artırmaq, nəzərdə tutulmuş hədəf kateqoriyaları layihəyə cəlb etmək məqsədilə Saatlı və Sabirabadda ictimai dinləmələr keçirilib. 

 

İctimai dinləmələrdə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib.

 

Tədbirlərdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Həmçinin, layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib. Görüş sonunda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.

 

Qeyd edək ki “Azərbaycanda məşğulluğa dəstək” layihəsi üzrə 22 min işsiz şəxsin  kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub və onlardan artıq bir hissəsi layihənin dəstəyi ilə kiçik bizneslərini qurub. 

 

Layihəyə cəlb olunanlar üçün ilkin mərhələdə biznes təlimlər təşkil olunur. Təlimlərin sonunda keçirilən qiymətləndirmə prosesində biznes planlarını müdafiə edən şəxslərə istehsal və xidmət sahələri üzrə avadanlıqlar verilir.