Rumıniya və Mərakeşin məşğulluq qurumları ilə onlayn vebinarlar keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi beynəlxalq əməkdaşlıq çərçivəsində Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi və Mərakeş Krallığının Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi (ANAPEC) ilə onlayn vebinarlar keçirib.

 
Rumıniyanın Məşğulluq üzrə Milli Agentliyi ilə keçirilən vebinar 2026–2027-ci illəri əhatə edən Fəaliyyət Planının icrası çərçivəsində baş tutub. Vebinarda məşğulluğa dəstək tədbirləri, müxtəlif hədəf qruplarının məşğulluq imkanlarının artırılması və əmək bazarına inteqrasiyası məsələləri müzakirə olunub. Həmçinin məşğulluq sahəsində həyata keçirilən sosial layihələr və qabaqcıl təcrübələr barədə məlumat mübadiləsi aparılıb.

 
ANAPEC (Mərakeş Krallığının) ilə keçirilən vebinar isə “Beynəlxalq əmək mobilliyi və məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması sahəsində bilik və qabaqcıl təcrübə mübadiləsi yolu ilə məşğulluq tədbirlərinin səmərəliliyinin və əlçatanlığının artırılması” mövzusuna həsr edilib.

Onlayn görüşdə tərəflər bu sahələrdə mövcud yanaşmaların və qabaqcıl təcrübələrin bölüşülməsi, eləcə də məşğulluq xidmətlərinin səmərəliliyinin və əlçatanlığının artırılması imkanlarını müzakirə ediblər.