Qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Tələbə Təhsil Kredit Fondu və “Absheron Hotel Group”un dəstəyi ilə Azərbaycan Hotel Assosiasiyası tərəfindən qonaqpərvərlik sahəsində iş axtaran tələbə və məzunlar üçün karyera günü təşkil edilib.

 

Karyera günündə Azərbaycan Hotel Assosiasiyasına üzv olan Bakıda və regionlarda yerləşən 50 otel 300-dən çox vakansiya və təcrübə proqramı ilə iştirak edib.

 

Tədbirdə qeyd olunub ki, əmək bazarında ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlığı üçün turizm təhsilinin keyfiyyəti ilə yanaşı, müvafiq iş imkanlarının yaradılması və əlçatan olması mühümdür. Bu baxımdan bu cür karyera sərgisi və əmək yarmarkalarının keçirilməsi işaxtaranlar və sənayenin birbaşa ünsiyyəti üçün vacib platformadır. 


Karyera gününə ümumilikdə 20 universitet və peşə məktəbinin 1000-dən çox tələbə və məzunu qatılıb.

 

Həmçinin tədbir çərçivəsində qonaqpərvərlik üzrə master-klaslar təşkil olunub, Azərbaycan Hotel Assosiasiyası və üzv olan otellərin təmsilçiləri tərəfindən otelçilik sahəsinin turizmdə yeri, COP29 çərçivəsində qonaqpərvərliyin ölkəmizin imici üçün vacibliyi, turizmdə insan resurslarının əhəmiyyəti kimi mövzularda təqdimatlar keçirilib.