Qobustan, Neftçala və Qubada 59 işəgötürənin iştirakı ilə əmək yarmarkaları keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq Şirvan, Quba-Xaçmaz və Şirvan-Salyan Regional Məşğulluq filialları tərəfindən növbəti əmək yarmarkaları təşkil edilib.

 

Budəfəki yarmarkalar Qobustan, Neftçala və Qubada baş tutub. Aktiv məşğulluq tədbirlərində dövlət və özəl sektordan olan 59 işəgötürən tərəfindən 333 vakansiya təqdim edilib.

 

Vakansiyalar daha çox regionun əmək bazarının tələbatına uyğun olaraq turizm, aqrar, səhiyyə, emal, tikinti materiallarının satışı, nəqliyyat və təhsil sahələri üzrə olub.

 

Yarmarkaya qatılan şəxslərə vakansiyaların tələbləri barədə məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Həmçinin tədbirlərdə işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi digər aktiv məşğulluq tədbirləri barədə də məlumat əldə edə biliblər.