Daha 100 şəhid ailəsi üzvü və qazi üçün kiçik bizneslər yaradıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” üzrə əsasən qazi və şəhid ailəsi üzvlərindən ibarət daha 100 şəxs aktivlərlə təmin olunub.

 

Özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan layihənin iştirakçılarına istehsal-xidmət sahələri üzrə avadanlıqlar təqdim edilib. Verilmiş aktivlər hesabına onlar kiçik bizneslərini yaradıblar. 

 

Layihə üzrə bu il həssas qruplara aid artıq 3 minə yaxın şəxsə öz bizneslərini qurmaları üçün aktivlər verilib. 

 

“Azərbaycanda Məşğulluğa Dəstək Layihəsi” 22 min işsiz şəxsin özünüməşğulluq proqramına cəlb olunmasını və onların kiçik biznesə çıxışını təmin etməyi nəzərdə tutur.