Dövlət Məşğulluq Agentliyinin fəaliyyətinə göstərdiyiniz diqqət üçün təşəkkür edirik. Agentliyin fəaliyyəti barədə xəbərlər mütəmadi olaraq sizə göndəriləcək.
OlduƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində iki qurumun əməkdaşlarının iştirakı ilə onlayn vorkşop keçirilib.
Vorkşopda işsiz şəxslər üçün məşğulluq imkanlarının artırılması, işəgötürənlər üçün dəstək mexanizmlərinin genişləndirilməsi, təhsilə, təlimə və məşğulluğa cəlb edilməyən gənclərə yönəlmiş sosial layihələrin həyata keçirilməsi kimi mövzular müzakirə olunub. Hər iki qurumun nümayəndələri təqdimatlarla çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Müzakirələr zamanı tərəflər icra etdikləri sosial layihələr və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda, bu sahədə təcrübə mübadiləsinin və əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Fəaliyyət Planı çərçivəsində qurumlararası qarşılıqlı səfərlərin təşkili, eləcə də məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi nəzərdə tutulur.