Qazaxıstanda “Əmək və Məşğulluq” altsistemi və digər rəqəmsal sosial layihələrə dair təqdimatlar edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Rüfət Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasının Astana şəhərində rəsmi səfərdə olub.

 

Səfər Agentlik ilə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Resurslarının İnkişafı Mərkəzi arasında imzalanmış Fəaliyyət Planı çərçivəsində həyata keçirilib.

 

Səfər çərçivəsində nümayəndə heyətinə Qazaxıstanın məşğulluq sahəsi üzrə qanunvericilik aktları, Əmək Resurslarının İnkişafı Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Agentliyin nümayəndələri tərəfindən də ölkəmizdə məşğulluq sahəsində son illər aparılan islahatlar, “Əmək və Məşğulluq“ altsistemi və digər rəqəmsal layihələr barədə təqdimatlar edilib.

 

Tərəflər arasında gənclərin məşğulluq imkanlarının həyata keçirilməsində peşə hazırlığının rolu, həmçinin  əmək bazarının rəqəmsallaşması kimi mövzular üzrə müzakirələr aparılıb. Peşə hazırlığı, karyera məsləhəti, əmək bazarının təhlili, işsiz şəxslərə göstərilən xidmətlərlə bağlı hər iki ölkənin təcrübələri paylaşılıb. 

 

Bundan başqa Astana şəhəri üzrə Karyera Mərkəzi, Hazırlıq Mərkəzi və vətəndaş qəbul prosesi ilə də tanışlıq olub. Fəaliyyət Planı çərçivəsində Qazaxıstan nümayəndələrinin də Azərbaycana tanışlıq səfərinin təşkili nəzərdə tutulub.