Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə işəgötürənlərlə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialı tərəfindən Ağdam və Tərtər rayonlarında Rayon İcra Hakimiyyətləri ilə birgə işəgötürənlərlə görüş keçirilib.

 

Görüşdə İcra Hakimiyyətləri tərəfindən Ağdam və Tərtər rayonlarında ərazi məşğulluq proqramının icrası çərçivəsində görülən işlərdən danışılıb, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı işəgötürənlər məlumatlandırılıb, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib. 

 

Görüşün əsas müzakirə istiqamətləri içərisində, həmçinin sosial cəhətdən həssas qrupdan olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi proqramı və peşə hazırlığının təşkili də yer alıb.

 

Sonda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.